Diaspor sədri "VI THE FİRST" mükafatının qalibi oldu

вторник, 20:04

Samir Soltanov/AZADİNFORM. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov “VI THE FİRST” beynəlxalq mükafatının qalibi olub. 
 
Azadinform xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən H. Cavadov belə bir mükafata seçildiyi üçün monitorinq qrupunun üzvlərinə təşəkkürünü bildirib: “Ukraynada fəaliyyət göstərən diaspor təşkilatı olaraq Azərbaycanda gedən ictimai-siyasi prosesləri izləyir və Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyirik. Bizim Ukraynada əsas layihələrimizdən biri Azərbaycan dili və mədəniyyətinin təbliğidir. Eyni zamanda diaspor məktəbləri üçün Azərbaycan dili ilə bağlı kitab nəşr etmişik”. 
 
Digər layihələrindən bəhs edən UABD sədri onlardan birinin də Ukraynanın bütün ali məktəblərində “Azərbaycan otağı”nın açılması istiqamətində səyləri olduğunu bildirib: “Artıq Taras Şevçenko adına Universitetin Tarix fakültəsində Sovet dövrünün arxivlərini açdırdıq və oradakı fotoları rəssamlara yenidən çəkdirdik. Çəkilən bu şəkillər universitetin qalereyasında nümayiş olunur. Növbəti 3 universitetdə “Azərbaycan otağın”ın açılması üçün danışıqlar aparırıq. Təşkilatımızın tərkibində Alimlər Şurası fəaliyyət göstərir ki, onların da sayı 45-dən çoxdur. Düşünürük ki, onlar bizim diasporun Beyin Mərkəzi olsun”.
H. Cavadov Türk Dilli Xalqların Birliyinin yaradılmasında yaxından iştirak etdiklərini və mövcud fəaliyyətlərində də bu qurumların səsindən istifadə etdiklərini bildirib: “Qeyd edim ki, Türk Şurasının Ukrayna üzrə Baş koordinatoru kimi də fəaliyyətimizi Türk dilli ölkələrin diaspor təşkilatlarının dövlətlərimizin mənafeyi naminə vahid mövqedən çıxış etməsinə yönəltməyə çalışırıq”.  
 
Tədbirdə Azərbaycan, Türkiyə, Şimalı Kiprdən millət vəkilləri, xalq artistləri, yazıçı, jurnalist və ictimaiyyətin nümayəndələri iştirak edib. Mərasimə həmçinin “O səs Türkiyə” yarışmasındakı ifaları ilə məşhurlaşan, əslən azərbaycanlı müğənni Ayda Mosharraf, türkiyəli sənətçilər Oya Ergün və Behzat Duyğun da iştirak ediblər. Qeyd edək ki, “THE FİRST” mükafat mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir.
Теги: 
Мир