"O, erməni olsa belə, Ermənistanın deyil, Ukraynanın daxili işlər naziridir və..."

четверг, 18:16

Son zamanlar strateji müttəfiqlik səviyyəsində olduğumuz Ukraynadan Azərbaycanı "üşüdən" soyuq küləklər əsməyə başlayıb və istər orada yaşayan soydaşlarımızın malına-mülkünə, istərsə də canlarına təhdidlərin xeyli artması narahatlıqla izlənilir.
 
Hətta iş o yerə çatıb ki, Azərbaycanın rəsmi qurumları Ukraynadakı həmkarlarına müraciət edərək azərbaycanlıların vaxtaşırı oğurlanması, külli miqdarda pulun əvəzində qaytarılması faktlarından narahatlıq ifadə olunub. Son günlər bunlara daha bir narahatlıq əlavə olunub və soydaşlarımıza məxsus xeyli sayda ağırtonnazlı yük maşınları içərisindəki milyonlarla dollar məbləğində malla yoxa çıxmağa başlayıb. Vəziyyətin dözülməzliyini görən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Azərbaycanın Ukraynadakı səfirliyi rəsmi Kiyevə müraciət edərək baş verənlərə müdaxilə edilməsini xahiş edib.
 
Bütün bunları nəzərə alaraq Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyevdən bir neçə suala cavab almışıq:
 
- Ukraynalı həmkarlarınızla bu məsələ ətrafında hər hansı fikir mübadiləsi aparırsınızmnı? Strateji müttəfiqlik səviyyəsində olan iki dövlətin arasını vuran bu qüvvələri ifşa etmək bu qədərmi zor?
 
-Təbii ki, Ukraynadan olan həmkarlarımızla daimi kontaktlarımız var. Mən ilk növbədə kimlərlə əlaqə saxlamışam? Ukrayna tərəfindən parlamentin Azərbaycanla bağlı işçi qrupunun rəhbəri Maksim Kuryaçi ilə, qrupun digər fəal üzvlərindən Oleq Mednitsa, Sergey Rudiklə, Taras Kremenlə, Borislav Beryoza ilə daim əlaqədəyik. Belə razılaşmışıq ki, onlar öz aralarında danışsınlar, Ukraynanın güc strukturlarının rəhbərlərini Ali Radaya dəvət etsinlər. Onlarda belə bir ənənə var. Mən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ilə də danışmışam. Deməyim odur ki, biz bu məsələni gündəlik izləyirik. Əvvəlcə gözləyək ki, ilk növbədə bu faktlar təsdiqlənsin. Təsdiqləndikdən soinra ikinci suala cavab istəyəcəyik ki, nəyə görə bütün bunlar baş verir, günühkarlar kimdir və bu olayların icraçıları, sifarişçiləri tapılıb cəzalandırılısın. Hesab edin ki, bu istiqamətdə hər gün Kiyevdəki həmkarlarımızla müxtəlif səpkili danışıqlarımız, elektron məktublaşmamız olur. 
 
-Ukraynada kifayət qədər ciddi və nüfuzlu bir diaspor lideri kimi tanınan Hikmət Cavadov rəsmən Ali Radaya, bu qurumun Azərbaycanla dostluq qrupunun rəhbərinə rəsmi məktubla müraciət edirsə, deməli bu ölkədə azərbaycanlılara qarşı baş verənlərin bəri başdan təsdiqini tapdığını iddia etmək olar.
 
- Təbii ki, mən Hikmət Cavadovdan da məktub almışam. Konqreslə də əlaqəmiz var. Burdakı səfirlə də danışmışıq. Amma axı gəlin razılaşaq ki, biz dövlət səviyyəsində müzakirələr, məsləhətləşmələr aparırıq, bunun üçün də ilk növbədə bu iddiaların təsdiqlənməsi gərəkdir. Bilirsiniz, indidən hər hansı birmənalı fikirlər səsləndirmək də doğru olmazdı. Belə fikirlər də səsləndirilir ki, bəzi nəqliyyat şirkətləri var ki, onlar artıq daşımaçılıq hüququndan rəsmən məhrum edilsələr də hələ də qanunsuz fəaliyyətlərini davam  etdirirlər. Özünüz bilirsiniz ki, Ukraynada vəziyyət stabil deyil və müharibə vəziyyəti bütövlükdə ölkədə kriminogen durumu gərginlədirib. Amma buna baxmayaraq hər iki ölkənin prezidenti arasındakı səmimi dostluqdan qaynaqlanan danışıqlar və razılaşmalardan çıxış edərək münasibətlərimizin strateji müttəfiqilik səviyyəsində olduğunu deyə bilərik, ona görə də rəsmi Kiyev də ciddi surətdə maraqlıdır ki, bu kimi xoşagəlməz hallar ən qısa zamanda aradan qaldırılsın və günahkarlar ifşa olunsun. Amma maksimum təmkinli davranmalıyıq və münasibətlərə xələl gətirə biləcək istənilən addımlardan çəkinməliyik. Təsəvvür edin ki, təxmini hesablamalara görə bu gün Ukraynada 350 mindən 500 minə qədər azərbaycanlı yaşayır və onların bu ölkədə özlərini rahat hiss etmələri üçün hər cür şərait yaradılmalıdır. 
 
- Erməni mənşəli Arsen Avakovun Ukraynanın daxili işlər naziri olması faktoru hər zaman orada yaşayan azərbaycanlıların başı üzərindən bir “Domokl qılıncı” kimi asılır. Son olaylarda da məkrli erməni barmağının olduğu ehtimalı çox yüksək olduğu iddiaları səslənir.
 
- Bilirsiniz, durub desək ki, Arsen Avakov səhər saat 9-dan axşam saat 9-a qədər ancaq bu fikirlər yatıb-durur, işi-gücü azərbaycanılara sataşmaqdı, şişirtmə olardı. Təbii ki, dediyiniz faktor var və bunu hər zaman nəzərə almalıyıq. Heç kimə sirr deyil ki, bu adam nazir ola-ola həm də biznes işləri ilə məşğuldur. Ali Radada da dəfələrlə bu məsələ qaldırılıb ki, o nazir ola-ola necə milyarder ola bilib? Təbii ki, Ukraynada azərbaycanlı ilə erməni arasında baş verə biləcək hər hansı münaqişdə Avakov ermənilərin tərəfini tutacaq. Amma o erməni millətindən olsa belə, Ermənistanın deyil, Ukraynanın daxili işlər naziridir və eyni zamanda dəqiq fikir yürütmək üçün əlimizdə təsdiqlənmiş məlumatlar olmalıdır. 
 
- Baş verənləri yerindəcə müzakirə etmək üçün Ukrayanaya növbəti səfəriniz nəzərdə tutulurmu?
 

- Səfərə ehtiyac yoxdur. Bizim burdakı səfirlə çox gözəl münasibətlərimiz var. Istənilən vaxt zəngləşirik və görüşürük. Onun da amalı odur ki, bu cür xoşagəlməz olayların qarşısı qətiyyətlə alınmalıdır və iki ölkənin münasibətləri daha da yüksələn xətlə inkişaf etməlidir. Səbr edək və prossləri qabaqlamayaq. Əminəm ki, tezliklə məsələnin həllini tapılması istiqamətində ciddi addımlar atılacaq. 

Теги: 
Азейбаржан
Украина