Ukraynada Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO

понедельник, 16:46

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə tədbirlər keçirilib. 
 

AZADİNFORM xəbər verir ki, İrpen şəhərində Zərifə Əliyeva küçəsində görkəmli oftalmoloqun xatirəsinə yaradılmış parkda toplaşan Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, İrpen şəhər meri Vladimir Karplyuk, Azərbaycan Milli Məclisinin deputatı, görkəmli yazıçı-publisist Elmira Axundova, Ukrayna Ali Radasının deputatı, Azərbaycan Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupun sədri Roman Nəsirov, deputat Maksim Kuryaçiy, ARDNŞ-in Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycan səfirliyinin diplomatları, ARDNŞ nümayəndəliyinin əməkdaşları, Ukraynada Azərbaycan diaspor təşkilatlarının rəhbər və üzvləri, İrpendəki Zərifə Əliyeva adına orta məktəbin direktoru Valentina Antonenko və müəllim-şagird heyəti, İrpen şəhər ictimaiyyətinin üzvləri akademik Zərifə Əliyevanın abidəsi önünə çiçəklər qoyub, onun əziz xatirəsini xoş sözlərlə yad ediblər. 
 

Daha sonra tədbir iştirakçıları həmin küçədə yerləşən, bu yaxınlarda görkəmli Azərbaycan akademiki Zərifə Əliyevanın adı verilmiş xarici dil təmayüllü orta məktəbdə toplaşıblar. Zərifə Əliyevanın anadan olduğu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndindəki məktəblə sıx əməkdaşlıq edən İrpen məktəbində hələ uzun müddət öncə yaradılmış Zərifə Əliyeva xatirə-muzeyini ziyarət edən iştirakçıları daha sonra məktəbin tədbirlər salonunda toplaşıblar. Məktəbin direktoru Valentina Antonenko özünün və müəllim-şagird kollektivinin məktəbə Zərifə Əliyeva kimi görkəmli şəxsiyyətin adının verilməsindən qürur keçirdiklərini deyib. 

Səfir Eynulla Mədətli İrpen şəhəri ilə bundan sonra da əməkdaşlıq ediləcəyini, məktəbə diqqət göstəriləcəyini qeyd edib. 
 

Şəhər meri Vladimir Karplyuk məktəbə Zərifə Əliyeva adını verilməsi ilə bağlı İrpen şəhər meriyasının qərarını məktəb direktoruna təqdim edib, İrpenin Bakının Qaradağ rayonu ilə, həmçinin artıq Zərifə Əliyeva adını daşıyan məktəbin Azərbaycanın Şərur rayonunun Şahtaxtı kəndində Zərifə Əliyeva adına məktəblə qardaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə inamını bildirib. 

Daha sonra çıxış edən deputatlar Elmira Axundova və Roman Nəsirov, ARDNŞ nümayəndəliyinin rəhbəri Elçin Məmmədov akademik Zərifə Əliyevanın Azərbaycan və Ukrayna arasında dostluğun daha bir təcəssümünə çevrildiyini, gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamlarını bildiriblər.

Samir Soltanov/AZADİNFORM.

 

Теги: 
Видео