Kiyevdə Azərbaycan diasporu fəallarının Ukrayna cəmiyyətinə inteqrasiya məsələləri müzakirə edilib

п'ятниця, 00:00

Kiyev, 21 aprel, AZƏRTAC

Kiyevdə Azərbaycanın diaspor təşkilatlarının, fəallarının mövcud vəziyyəti, onların Ukrayna cəmiyyətinə inteqrasiyası məsələləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının ofisində keçirilən toplantıda diaspor fəalları, Ukraynanın Azərbaycandakı səfirliyinin diplomatları, Ukrayna Ali Radasının, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, soydaşlarımız iştirak ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukraynadakı diasporumuzun mövcud vəziyyəti və görüləcək işlər barədə çıxış edərək bildirib ki, müharibə dönəmində Azərbaycan diaspor fəalları Ukrayna xalqı ilə birgə çalışaraq humanitar aksiyalarda aktiv iştirak edirlər. Bu gün Ukrayna dövləti diasporun fəaliyyətini qiymətləndirir.

Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev bildirib ki, əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu diaspor siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ukraynadakı diasporumuz dünyada ən güclə diasporlardan biridir. Soydaşlarımız Azərbaycan-Ukrayna dövləti ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında faydalı işlər görürlər.

Milli Məclisin deputatları Kamran Bayramov, Razi Nurullayev isə çıxışlarında diaspor hərəkatının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətlərindən danışıb.

Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi güclənib.

Ali Radada Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Volodimir Kreydenko isə çıxışında etnik azərbaycanlıların Ukraynanın ictimai-siyasi həyatında aktiv rollarından danışıb. “Ukraynada yaşayan azərbaycanlılar cəmiyyətimizə uğurla inteqrasiya olunurlar. Buranı özlərinə ikinci vətəni sayırlar. Biz müharibə dönəmində də azərbaycanlıların, Azərbaycan diasporunun Ukraynaya sevgisinin şahidi oluruq”, - deyə Kreydenko əlavə edib.

Daha sonra Ukrayna Azərbaycanlıları Radasının yeni icraçı direktoru Elşad İbrahimov diasporumuzun hədəfləri barədə məruzə edib.

Sonda Ukraynada yaşayan azərbaycanlı alimlərimiz, ziyalılarımız tədbirdə bir sıra təkliflərlə çıxış ediblər.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

https://azertag.az/xeber/Kiyevde_Azerbaycan_diasporu_feallarinin_Ukrayna_cemiyyetine_inteqrasiya_meseleleri_muzakire_edilib-2583287?fbclid=IwAR2-PiiJAp7Y8VRydyqnH3lawKy8_V8FybMs3-pCMcTW8XQ_ab7UotEWuWM

Теги: 
Изображение